Laborantımız mükafat alıb
Artıq üç ildir ki, Bakı Dövlət Universitetində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edilir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır. Bugünlərdə növbəti müsabiqənin nəticələri açıqlanıb. Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun yüksək elmi nəticələr göstərən əməkdaşlarına təşəkkürnamə və pul mükafatları verilib. Onlardan biri də Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının laborantı Nərminə Mirzəliyevadır.
Mirzəliyeva Nərminə Seyfəl qızı 2012-2016-ci illərdə Bakı Dövlət Universitetində bakalavr pilləsi üzrə təhsil alıb. 2016-2018-ci illərdə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistraturanı bitirib. O, 2018-ci ildən Pedaqogika kafedrasının əməkdaşıdır. Elə həmin ildən Pedaqogika kafedrasında saathesabı qaydada dərs aparır.
2019-cu ildən “Sosial Pedaqogika” ixtisası üzrə Pedaqogika kafedrasının dissertantı olan N.Mirzəliyeva ”Yeniyetmələrin sosiallaşmasında ailədaxili münasibətlərin imkan və yolları” adlı dissertasiya mövzusu üzərində işləyir. O, müntəzəm olaraq müxtəlif beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edir və beynəlxalq indeksli jurnallarda məqalələr çap etdirir. Əməkdaşımız 20-dən çox elmi məqalənin, 1 metodik vəsaitin müəllifidir.
N.Mirzəliyeva Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsində “Humanitar və ictimai elmlər üzrə ilin gənc alimi" nominasiyası üzrə qalib olub.
Laborantımızı təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!