Pedaqogika kafedrası tərəfindən 27.04.2021-ci il tarixində Elmi seminar təşkil olunmuşdur. Seminarda Pedaqogika tarixi və nəzəriyyəsi ixtisasının II kurs magistrantı Abbasova Natəvan Şümşəd qızı çıxış etmişdir.
Natəvan Abbasova Şümşəd qızı “XIX əsr Azərbaycan Qadınlarının maarifçilik fəaliyyəti( Qarabağ bölgəsinin materialları əsasında) mövzusu üzrə çıxış edərək mövzunun aktuallığı, predmeti, obyekti, tədqiqatın məqsədi haqqında seminar iştirakçılarına məlumat vermişdir. Elmi seminarda kafedranın müdiri Ləzifə Qasımova və kafedranın müəllimləri Elza Mollayeva , Rəfiqə Bəxtiyarova tədqiqatla bağlı suallar ünvalamışdır.
Elmi seminarda iştirakçılar tərəfindən verilən suallar magistrant tərəfindən cavablandırılmışdır. Elmi seminar məqbul sayılmışdır.
Sosial və pedaqoji psixologiya kafedrası tərəfindən 23.04.2021-ci il tarixində Elmi seminar təşkil olunmuşdur. Seminarda Təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs magistrantı Kərimli Jalə Vasif qızı və Qədirova Aytac Xosrov qızı çıxış etmişdir.
Kərimli Jalə Vasif qızı “Ailədaxili münasibətlərin uşaq şəxsiyyətinin formalaşmasında rolu” mövzusu üzrə ətraflı çıxış edərək, mövzunun aktuallığı, predmeti, obyekti, istifadə etdiyi tədqiqat metodları, ədəbiyyat siyahısı barədə materialları seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Dissertasiya işi kafedranın müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Eyyubova Mehriban Niyaz qızının rəhbərliyi ilə keçirilmişdir.
Ailə tərbiyəsi, ailədaxili münasibətlərin öyrənilməsi və tədqiqata cəlb olunması bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Ailə tərbiyəsi, ailədaxili münasibətlərə bu qədər maraq və diqqətin artması bir neçə başlıca şərtlə bağlıdır. Birincisi, ailə münasibətləri birbaşa cəmiyyət həyatında baş verən proseslərlə bağlıdır. Cəmiyyət daxilində gedən yeniləşmə ailə həyatına ciddi şəkildə təsir göstərir. İkincisi, son dövrlərdə ailə həyatında onun sosial funksiyalarında neqativ hallar artmaqdadır. Bunlara aiddir- boşanma hallarının çoxalması; problemli ailələrin sayının artması; ailədə uşaqların sayının azalması və s.
Məlum olduğu kimi, bütün xalqlarda ailələ daxili münasibətlər müəyyən oxşarlıqlarla yanaşı, həm də özünəməxsus xüsusiyyətlərə malikdir. O cümlədən Azərbaycan ailəsinin də özünəməxsus, digərlərindən fərqlənən xüsusiyyətləri və keyfiyyətləri vardır. Onlardan biri Azərbaycan ailəsinin çox uşaqlı olmasıdır. Çoxsaylı tədqiqatlar sübut edir ki, valideyn təhsili, tərbiyə üsulu, ailənin maddi təminatı və s. kimi amillərdə ailədaxili münasibətlərdə mühüm rol oynayır.
Elmi seminar iştirakçılarından kafedranın müəllimi, dosent Piriyeva Elnarə Abbas qızı “Ailədaxili münaqişələrin uşaq şəxsiyyətinin formalaşmasına” nə kimi təsiri var? sualını ünvanlamışdır.
Qədirova Aytac Xosrov qızı kafedranın müəllimi, psixologiya elmləri doktoru,dosent Cabbarov Rəşid Vəkil oğlunun elmi rəhbərliyi ilə “Suisidə meyililiyin sosial–psixoloji amilləri” mövzusu üzrə çıxış etmişdir.
Suisid əsasən insanın özünü öldürməsi kimi düşünülür və sadəcə davranışın sonunda ortaya çıxan vəziyyət kimi qəbul edilir və nəticədə yaranan son vəziyyət ilə maraqlanılır. Bu şəkildə baxıldıqda insanın özünü öldürməsinə səbəb olan proses nəzərə alınmır və bu prosesi başladan hadisə və ya hadisələr haqqında düşünməyimiz çətinləşir. Suisidi araşdıran elm adamları arasında yayılmış fikir, suisidin sadəcə özünü öldürmə hadisəsi deyil, öldürülmədən çox əvvəl başlayan bir "proses" olmasıdır. İntihara uzun bir müddət və proses kimi baxmaq isə bizim problemə yanaşmamızı kökündən dəyişdirəcəkdir.
İntihar düşüncələri və davranışı yaşamaq istəyinin əksi olan davranışdır, intihara səbəb olan bir çox risk amili var. Bu risk faktorları hər yaş qrupu üçün fərqlidir. Bu səbəbdən uşaqlar, gənclər və yaşlı insanlar intihar cəhdləri ilə bir-birindən fərqlənirr. Mövzunu seçməyimdəki əsas məqsəd suisidə meyilli olan suisidal aktını həyata keçirən və ya suisidə cəhd edən fərdlərin intihar bağlı düşüncələrini, risk faktorlarını analiz etmək, intiharın bütün təfərrüatları ilə təsvir edilməsi, intihara cəhddən əvvəlki mərhələlərin müəyyənləşdirilməsi, intihara aparan səbəb və ya səbəblərinin araşdırılması və bu səbəblərə görə tədbirlər görülməsi, həmin insanlar üçün doğru həll üsullarını seçib həyata keçirilməsinə nail ola bilməkdir.
İnsan həyatının dəyəri heç nə ilə ölçülmür. Hər bir insan bu cəmiyyət üçün dəyərli və xüsusidir. İnsanlar həyatlarını itirdikdən sonra geri gətirmək mümkün olmadığından problemin zamanında həllinə nail olmaq və aradan qaldırmaq lazımdır.
Elmi seminar iştirakçılarının kafedranın müəllimi psixologiya üzrə fəlsəfə doktoru Eyyubova Mehriban Niyaz qızı “Suisidlə bağlı hansı müasir ədəbiyyatlardan istifadə etmisiniz?” sualını ünvanlamışdır.
Elmi seminar iştirakçıları tərəfindən verilən suallar magistrantlar tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.